
Avtomobil mütəxəssisi sürücülərə vacib xəbərdarlıq etdi
Reshane Quliyeva 15/08/2025

Uzun illər avtomobil təmiri sahəsində çalışan mütəxəssis Elcan Talıbov, sükan sistemləri və texniki baxışla bağlı sürücülərə mühüm tövsiyələr verib.
Onun sözlərinə görə, sükan sistemləri əsasən iki növdə olur — hidravlik və elektron.
"Hidravlik sükanın uzunömürlü olması üçün yağını vaxtında dəyişmək, səviyyəsini nəzarətdə saxlamaq və şlankların vəziyyətinə diqqət etmək vacibdir. Əgər sükanı fırladarkən titrəmə, uğultu, ağırlıq və ya yağdan yanıq iyi hiss olunursa, dərhal ustaya müraciət edilməlidir. Elektron sükan yağsız işləyir, lakin bu, onun baxıma ehtiyac duymadığı anlamına gəlmir. Vaxtında yoxlanılması vacibdir. Rulda boşluq və səs yaranarsa, təxirə salmadan mütəxəssisə müraciət edin" — deyə Elcan Talıbov bildirib.
Mütəxəssis həmçinin texniki baxış zamanı nəzərə alınmalı əsas məqamları "Biznesxeber.az" a bildirib:
Yağın vaxtında dəyişdirilməsi və yalnız tövsiyə olunan növün istifadəsi;
Əyləc disklərinin, bütün mayelərin və amortizatorların yoxlanması;
Vibrasiya (əsmə) hallarına səbəb ola biləcək nasazlıqların vaxtında aradan qaldırılması.
"Əyləc disklərində nasazlıq olduqda yüksək sürətdə tormoz zamanı rulda əsmə hiss olunur. Əgər maşın hərəkətsiz halda əsirsə və D və ya R rejimində titrəmə artırsa, böyük ehtimalla problem padusqalardadır" — deyə mütəxəssis əlavə edib.