
GOV.AZ zonasına aid informasiya sistemlərində ilk dəfə keçirilən “Bug Bounty” proqramı yekunlaşıb
Reshane Quliyeva 18/07/2025

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yerli kibertəhlükəsizlik startapı olan “Qarabug” platforması vasitəsi ilə GOV.AZ zonasına aid informasiya sistemlərində ilk dəfə həyata keçirilən “Bug Bounty” proqramı uğurla yekunlaşıb.
"Biznesxeber.az" xəbər verir ki, cari ilin aprel – iyul aylarını əhatə edən layihə çərçivəsində könüllü olaraq təhlükəsizlik üzrə zəiflikləri aşkara çıxaran mütəxəssislər, sadəcə texniki bacarıqlarını deyil, həm də vətəndaş məsuliyyətini və dövlətin rəqəmsal gələcəyinə olan töhfələrini nümayiş etdirdilər. Bu, açıq və şəffaf yanaşmanın, həmçinin ictimai iştirakçılığın uğurlu nümunəsidir.
Tədbirin açılış mərasimində çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə rəisi, general-mayor Azər Əhədov “bug bounty” layihəsinin həyata keçirilməsinin dövlət informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunmasında ictimai və peşəkar potensialın birləşdirilməsinin bariz nümunəsi olduğunu qeyd edib. Eləcə də A. Əhədov Xidmətin Təhlükəsizlik Əməliyyatlar Mərkəzinin monitorinq və reaksiya qabiliyyətinin artırılması və istedadlı gənc mütəxəssislərin müəyyən olunmasın baxımından layihənin əhəmiyyətli rol oynamasını vurğulayıb.
Daha sonra çıxış edən “Qarabug” startapının təsisçisi Miraqşın Abutalıbov uğurla başa çatan “Bug Bounty” proqramının gələcəkdə daha geniş miqyaslı layihələrə ilham verəcəyini və kibertəhlükəsizlik üzrə yerli potensialın inkişafına töhfə verəcəyini qeyd edib. O əlavə edib ki, informasiya təhlükəsizliyi sahəsində belə uğurlu layihələrin artılırması üçün bu təcrübə öyrənilməli və paylaşılmalıdır.
Ümumilikdə qeydiyyatını təsdiq etmiş 600 nəfərdən 39 nəfərin aktiv iştirak etdiyi proqram çərçivəsində təhlükəsizlik zəifliklərinin aşkarlanması və peşəkar şəkildə sənədləşdirilməsinə görə ən yüksək nəticə göstərən iştirakçılar mükafatlandırılıb. Birinci yeri qazanan Nicat Abbaslı - 10.000 manat, ikinci yerin qalibi Fuad Anzurov - 7.000 manat, üçüncü yerin sahibi Qərib Quluzadə isə 5.000 manat pul vəsaiti ilə “Bug Bounty” proqramının qalibləri elan olunaraq mükafatlandırılıblar. Yüksək nəticələrinə görə dördüncü, beşinci və altıncı yerləri tutan iştirakçılara isə fəxri fərmanlarla yanaşı qiymətli hədiyyələr təqdim olunub.