BİZNESXƏBƏR

İqtisadçı-ekspert Günay Hüseynova: “Maliyə savadsızlığı biznes uğursuzluqlarının əsas səbəblərindəndir”

Reshane Quliyeva 15/09/2025

İqtisad Elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova biznesxeber.az-a müsahibəsi zamanı biznes sahəsində uğursuzluqların əsas səbəblərini açıqlayıb və sahibkarlar üçün maliyə savadının önəmini vurğulayıb.

O bildirib ki, maliyə savadsızlığı biznesdə “gizli itki” hesab olunur:

“İdarəetmədə maliyə savadı olmayan şəxs elə düşünür ki, uğursuzluqlar birdən-birə baş verir və onun biznesi, şirkəti çökür. Əslində isə belə deyil. Maliyə savadı olan sahibkar gəlir, xərc, borc və kapitalın artırılması kimi məsələləri düzgün və planlı şəkildə həyata keçirir. Yeni sahibkarlar fikirləşməsin ki, çox pulum var və lazım gəlsə əlavə kapital yatırıb şirkəti bataqlıqdan çıxaracağam. Bir biznes birdən-birə çökmür. İlk növbədə gəlir və xərclərin düzgün planlanması, borc-kredit məsələlərinin nizamlanması, xalis gəlirin yenidən kapitala yönəldilməsi vacibdir,” – deyə Hüseynova bildirib.

O əlavə edib ki, uğursuzluqların digər səbəblərindən biri də sahibkarların qazancı birbaşa şəxsi xərclərə yönəltməsidir:

“Ən azı 6 aylıq risklər üçün müəyyən məbləğ ayırmaq lazımdır. Bundan əlavə, işi böyütmək üçün sərmayə qoyuluşu təmin edilməlidir. Borc-kredit siyasətində uğursuzluqlar da çox yayılıb. Məsələn, borcun faizi ilə geri ödənilməsi tələb olunur; əgər 1 manatlıq borc 2 manat olaraq geri qaytarılırsa, ya aktiv sabit gəlir olmalıdır, ya da kreditin yönəldiyi sahə hər 1 manat üçün 3-4 manat gəlir gətirməlidir ki, həm kredit ödənilsin, həm də şirkət mənfəət əldə etsin.”

Günay Hüseynova həmçinin Azərbaycanda biznes mühitində yerlibazlıq və qohum-tanış prinsiplərinin də uğursuzluqlara təsir etdiyini bildirib:

“Əgər şəxsin maliyə savadlılığı yoxdursa, o, şirkəti sadəcə qeyri-rasional istehlakçı moduna çevirəcək. Maliyə savadlığı stabil deyil, yəni hər şirkət, hər biznes və hətta hər dövr üçün fərqlidir. Stabil universitet bilikləri və ya bir neçə illik biznes təcrübəsi bunun üçün kifayət deyil. Əsas məsələ iqtisadi zəka və vəziyyətdən çıxış yollarını düzgün qiymətləndirməkdir ki, iflas və ya çətinlik anından biznesi böhrandan çıxarmaq mümkün olsun.”

Ekspert vurğulayıb ki, maliyyə savadlığı və iqtisadi zəkadan istifadə sahibkarlar üçün uğurun əsas açarıdır və biznesin davamlılığı üçün planlı və ehtiyatlı yanaşma vacibdir.

 

Aynur Abdullayeva

biznesxeber.az

Digər Məqalələr