
“Çinlə əməkdaşlıq Azərbaycanın innovativ inkişafına yeni nəfəs verəcək” – Günay Hüseynova
Reshane Quliyeva 05/09/2025

Azərbaycan və Çin arasında son illər sürətlənən iqtisadi əməkdaşlıq yeni perspektivlər açır.
İqtisad Elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova biznesxeber.az-a açıqlamasında bildirir ki, bu əməkdaşlıq təkcə ticari əlaqələri deyil, həm də ölkənin innovativ inkişafını sürətləndirə bilər.
Günay Hüseynova Azərbaycan-Çin münasibətlərini olduqca müsbət addım kimi qiymətləndirir:
“Bu ölkə ilə müəyyən həddə də olsa ticari tərəfdaşlığımız var idi, lakin yeni layihələrin icrası və görüləcək işlər münasibətləri daha da yaxınlaşdırdı. İnnovativ inkişaf və rəqəmsal iqtisadiyyat baxımından Çin təcrübəsinin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Həmçinin neft sektoru və bu sahənin texnologiyası Çinli investorların maraq dairəsindədir”.
Ekspertin sözlərinə görə, Çinin yüksək texnologiya sahəsindəki təcrübəsindən faydalanmaq Azərbaycan üçün böyük imkanlar yarada bilər:
“Çin innovativ və texnologiya cəhətdən yüksək inkişaf edib. Çinli mütəxəssislərin ölkəyə dəvət olunması, innovativ mərkəzlərin yaradılması və bununla yanaşı yerli istehsalın qurulması olduqca faydalı olar. Texnoloji və innovativ avadanlığa qlobal iqtisadiyyatda tələbat artmaqdadır”.
Hazırda Azərbaycan iqtisadiyyatına əsas gəlir gətirən sahənin qeyri-neft sektoru olduğunu vurğulayan Hüseynova hesab edir ki, ixrac potensialını artırmaq üçün bu istiqamətdə yeni mərkəzlərin yaradılması vacibdir:
“İxrac məhsulları gəlirliliklərinə görə kateqoriyalara bölünür. Belə mərkəzlərin yaradılması ixrac potensialının yüksəlməsinə öz töhfəsini verəcək”.
Ekspert həmçinin kənd təsərrüfatında innovativ inkişafa xüsusi ehtiyac olduğunu diqqətə çatdırıb:
“Bu sahə həm zəhmətlidir, həm də urbanizasiya proseslərinə görə əkib-becərən, heyvandarlıqla məşğul olanların sayı ildən-ilə azalır. Ərzaq təhlükəsizliyi baxımından da kənd təsərrüfatında innovativ inkişafa böyük ehtiyac var”.
Onun fikrincə, Azərbaycan-Çin əməkdaşlığı çərçivəsində modernizasiyanın inteqrasiyası gözləniləndir və bu, ölkənin iqtisadi inkişafına mühüm təsir göstərəcək.
Aynur Abdullayeva
biznesxeber.az
Digər Məqalələr



















Pakistanın turizm şirkətlərinin nümayəndələri Azərbaycana səfər edib




