
Azərbaycan və Monteneqro birgə layihələr həyata keçirilməsini müzakirə edib
Reshane Quliyeva 18/07/2025

Azərbaycan və Monteneqro arasında birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.
"Biznesxeber.az" İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, müzakirrlər Azərbaycan nümayəndə heyətinin Monteneqroya səfəri çərçivəsində aparılıb.
Nümayəndə heyətinə AZPROMO, Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu, eləcə də turizm, İKT, kənd təsərrüfatı, tikinti və ticarət sahələrindən 5 şirkət daxil olub.
Səfər çərçivəsində bir sıra görüşlərdə iştirak olunub, birgə layihələrin həyata keçirilməsi, ticarət və investisiya əməkdaşlığının gücləndirilməsi, o cümlədən turizm sahəsində iqtisadi əlaqələrin möhkəmləndirilməsi perspektivləri dəyərləndirilib.
Azərbaycan sahibkarlarının iştirakı ilə keçirilən görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Monteneqronun turizm naziri Simonida Kordiç, Məkan Planlaşdırılması, Urbanizasiya və Dövlət Əmlakı Nazirliyinin baş memarı Miryana Curisiç və Monteneqronun İnvestisiya Agentliyinin icraçı direktorunun dövlət-özəl tərəfdaşlığı üzrə müavini Merlina Toşiç Şahmanoviç ölkələr arasında ikitərəfli investisiya, xüsusilə turizm və hotel biznesi sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.Tədbirdə həmçinin “Sea Breeze” layihəsinin Azərbaycanda investorlar üçün yaratdığı imkanlara, eləcə də Monteneqronun sərmayə mühitinə dair təqdimatlar nümayiş olunub.
Monteneqronun İnvestisiya Agentliyi ilə görüş keçirilib. Görüşdə Y.Abdullayev və Monteneqronun İnvestisiya Agentliyinin direktoru Snejana Duroviç investisiyaların təşviqi və hər iki ölkənin investorlarının hüquqlarının qorunması məsələlərini müzakirə ediblər. Tərəflər həmçinin agentliklər arasında gələcək əməkdaşlığın hüquqi əsaslarının müəyyən edilməsi üçün bu il keçirilməsi nəzərdə tutulan I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Anlaşma Memorandumu imzalanması barədə razılıq əldə ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Monteneqronun müxtəlif turizm məkanlarına – Lovçen milli parkı, “Portonovi”, Kotor, Perast və Kolaşin kurortlarına baxış keçirib, regionda yaradılan infrastruktur və işgüzar mühitlə yerində tanış olub. “Portonovi” layihəsi ilə tanışlıq zamanı, layihənin rəhbəri Mehmet Balcık kompleks haqqında məlumat verib, Azərbaycanın Monteneqroda əsas investorlardan biri olduğu və bu tendensiyanın davamı olaraq ölkəmizin Monteneqroda uğurlu investisiya fəaliyyəti vurğulanıb. Kotor kanat yolunun baş icraçı direktoru Marko Kas ilə keçirilən görüşdə tərəflər Azərbaycanda, xüsusilə Qarabağ regionunda turizm və nəqliyyat məqsədlərinə xidmət edən oxşar infrastruktur layihələrinin birgə reallaşdırılması imkanları barədə fikirlərini bölüşüblər. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaradılan əlverişli biznes iqliminin Monteneqrodan olan investorlarda maraq doğurduğu bildirilib. Kotor kanat yolunun uğurunu nəzərə alaraq, Marko Kas I Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dəvət olunub və ona səfər çərçivəsində işğaldan azad edilən ərazilərdə bu cür təşəbbüslərin reallaşdırılması imkanlarını dəyərləndirmək məqsədilə müvafiq ərazilərə baxışın keçirilməsi təklif olunub.
Bundan əlavə, nümayəndə heyəti Kolaşin dağ-xizək kompleksində qurulan infrastruktur və turistlər üçün yaradılan şəraitlə tanış olub. Görüş zamanı bu kimi istirahət məkanlarına investorların cəlb edilməsi, o cümlədən Azərbaycanda analoji layihələrə sərmayələrin yönəldilməsi imkanları müzakirə olunub. Dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi, investorlar üçün cəlbedici şərtlərin yaradılması və təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlığın mümkün formaları barədə fikir mübadiləsi aparılıb.
Related Articles









“Rabitəbank” və Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb











Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq



