BIZNESXEBER

Azərbaycanın qeyri-neft-qaz ixracının artırılması ADB ilə müzakirə edilib

Reshane Quliyeva 18/07/2025

Azərbaycanın qeyri-neft ixracının potensialının səmərəli reallaşdırılması Asiya İnkişaf Bankı (ADB) ilə müzakirə edilib.

"Biznesxeber.az" İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, müzakirələr ADB-nin Azərbaycanın ixrac və dəyər zəncirinin araşdırması üzrə məsləhətləşmə missiyasının üzvləri ilə görüşdə baş tutub.

Görüşdə Azərbaycanın qeyri-neft-qaz ixracının coğrafiyasının genişləndirilməsi, tədarük olunan məhsul çeşidlərinin şaxələndirilməsi, bu istiqamətlərdə mövcud imkanlar və çağırışlar, o cümlədən ADB-in bu xüsusda təklif edə biləcəyi tövsiyələr, strategiyalar və texniki dəstək müzakirə olunub.

AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Agentliyin fəaliyyəti, qeyri-neft ixracının təşviqi məqsədilə tətbiq olunan mexanizmlər, bu çərçivədə həyata keçirilən dövlət siyasətinə göstərilən dəstək, eləcə də ölkəmizin qeyri-neft-qaz ixracında yer alan təməl məhsullar, əsas ixrac bazarları və yüksək potensiallı ixracyönümlü istehsal sahələri haqqında məlumat verib.

ADB-in baş iqtisadçısı Kristian Rosbax ixrac və dəyər zənciri sahəsi üzrə bankın Azərbaycana ilk missiyasının təşkil olunduğunu qeyd edərək, bundan əvvəl region ölkələrindən Gürcüstanda analoji araşdırmanın aparıldığını bildirib. Araşdırmanın Gürcüstan bazarında uğurla sınaqdan keçirildiyi, verilən tövsiyələr üzrə əməli addımların atıldığı vurğulanıb. Sözügedən yanaşmanın Azərbaycanda da tətbiqinin mümkün olduğu və aidiyyəti tərəflərlə birgə təkliflərin hazırlanmasının ixrac potensialının reallaşdırılmasına töhfə verə biləcəyi bildirilib.Bu müstəvidə AZPROMO-nun yerli ixracatçılar arasında keçirdiyi sorğuların və qeyri-neft məhsullarının ixrac potensialı üzrə apardığı tədqiqatların nəticələrinin təqdim olunmasına dair razılıq əldə olunub, həmçinin Agentliyin AİB-in missiya üzvlərini müvafiq dövlət və özəl sektor qurumları ilə əlaqələndirməyə hazır olduğu diqqətə çatdırılıb.

Related Articles