BIZNESXEBER

"Uzbekneftegaz" Azərbaycan şirkəti ilə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib

Reshane Quliyeva 17/07/2025

Özbəkistanın "Uzbekneftegaz" dövlət şirkəti və Azərbaycanın “Master Tools” şirkəti əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

Bu barədə “Biznesxeber.az” "Uzbekneftegaz"a istinadən xəbər verir.

Danışıqlar zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri - avadanlıq tədarükü, istehsalın lokallaşdırılması və neft-qaz sənayesinin ehtiyacları üçün müasir texnoloji həllərin tətbiqi müzakirə edilib.

"Tərəflər istehsal proseslərinin səmərəliliyinin artırılmasına və sənayenin texniki cəhətdən yenidən qurulmasına yönəlmiş birgə layihələrin həyata keçirilməsi və sənaye əməkdaşlığı perspektivlərini nəzərdən keçiriblər. Təcrübə mübadiləsinə və qabaqcıl mühəndis həllərinin tətbiqinə xüsusi diqqət yetirilib", - şirkət bildirib.

“Master Tools” şirkətinin nümayəndələri mütəxəssislərin təlimi üçün əlavə elektrod və kabellər tələb etməyən innovativ qaynaq qurğusunu təqdim ediblər.

Görüşün sonunda tərəflər təkliflərin işlənməsini davam etdirmək və qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək barədə razılığa gəliblər.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP üçün əsas tədarükçülərdən biri olan “Master Tools” şirkəti "Mille" brendi altında qaynaq avadanlığının, həmçinin neft-qaz platformaları, tikinti, istehsal, kənd təsərrüfatı, nəqliyyat, energetika, mədən sənayesi, maşınqayırma, kimya və digər sahələr üçün zəruri avadanlıqların tədarükü ilə məşğul olur.

 
 

Related Articles